Novruz Cəfərov

img Novruz Adil oğlu Cəfərov- 13 mart 1953-cü ildə Şəmkir r/n Könüllü kəndində doğulmuşdur. 1970-ci ildə kənd orta məktəbini bitirib. 1971-ci ildə Azərbaycan Dİ institutunun "Dram-kino aktyoru" fakültəsinə qəbul olunub. Professor M.Məmmədov, F.Sultanov və Ə.Quluyevdən sənət dərsləri almışdır. 1975-ci ildə Azərbaycan Dİ institutunun "Dram-kino aktyoru" fakültəsini bitirib, Şəki DD teatrına təyinat almışdır. 1975-ci ildən 1997-ci ilə qədər, tam 21 il Şəki DD teatrında aktyor işləmişdir. 1976-1977-ci illərdə Ukraynada hərbi xidmətdə olmuşdur. 1997-ci ildən aktyorluq fəaliyyətini Gəncə DD dram teatrında davam etdirmişdir. 1971 - ci ildən bu günə kimi 150- yə yaxın tamaşada irili-xırdalı, müxtəlif səpgili, komik, dramatik və faciəvi rollar oynamışdır. Onlardan: S.Vurğunun "Komsomol poeması"- da Bəxtiyar, C.Cabbarlının "Aydın"- ıda Aydın, H.Cavidin "İblis"- də Arif, "Knyaz"- da Anton, S.Rəhmanın "Xoşbəxtlər"- də Mirzə Qərənfil, "Toy"- da Kərəmov, "Aşnalar"- da Mirzə Səməndərli, B.Vahabzadənin "Artıq adam"- da Alxan, "Dar ağacı"- da İbin Zeyd, Anarın "Təhminə və Zaur"- da Zaur, Elçinin "Ölüm hökmü"- də Ələsgər müəllim, Ə.Əmirlinin "Varlı qadın"- da Sarı, Bulqakovun "Ustad və Marqarita"- da Ustad, Dürrenmatın "Meteor"- da Karl Koppe, K.Marlonun "Böyük Teymurləng"- də Texel, Ə.Nesinin "Sən Qara deyilsən"- də Qara, "Toros canavarı!"- da Nuru əfəndi, Çxeyidzenin "Çinari manifesti"- də Samson, M.Bayciyevin "Duel"- də İsgəndər, Savvanın "Şah elə şahdır"- da Əbu Əza, J.B.Molyerin "Skapenin kələkləri"- də Jeront və s. və illaxır rolların adını çəkmək olar. MDB məkanında keçirilən Balqariya dramaturgiyası festivalında R.Stoyanovun "Ustalar"- da Usta Nayden (1979), Almaniya dramaturgiyası festivalında B.Brextin "Artur uinin karyerası"- da Cüzeppe Civola (1981), Ruminya dramaturgiyası festivalında M.Sebestiyanın "Adsız ulduz"- da Marin Miroyu, Macarıstan dramaturgiyası festivalında Ş.Petefinin "Pələng və Kaftar"- da Şaul (1983), Tiflisdə Gənclər festivalında (1982), İravanda Şekspir festivalında (1984), Azərbaycan teatrının yaranma gününə həsr olunmuş Respublika Şəki teatr festivalında S.Rəhmanın "Xoşbəxtlər"- də Mirzə Qərənfil (1986), Şəkidə keçrilən M.F.Axundov dramaturgiyası festivalında "Hekayəti müsyo Jordan və dərviş Məstəli şah"- da Məstəli şah, Bakıda keçirilən gənc rejissorların "Yeni teatr" festivalında İ.Əfəndiyevin "Qəribə oğlan"- da Əhmədcan (2007), Gəncədə və Bakıda keçirilən "Yeni teatr" festivalında Ə.Əmirlinin "Varlı qadın"- da Sarı, Lənkaranda II- ci "Yeni teatr" festivalında Elçinin "Qatil"- də Polis rolları ilə festivalların iştirakcısı olmuşdur.

      Kino yaradıcılığında T.Tağızadənin "O dünyadan salam", R.Almuradlının "Yük", "Cavad xan", Şamilin "Çölçü", Cavid Təvəkgüloğlunun "Qarabağnamə" bədii filmlərində çəkilmişdir. N.Cəfərov dramaturq kimi ona yaxın komediya yazmıdır. Onlardan "Keçəlin cəhənnəmə səfəri" (rejissor N. Cəfərov), "Uşaq oğruları" (rejissor M. Səlimli), "Şəkili+Ayrım=Şoutamaşa" (rejissor Q.Məmmədova), "Gecə yarısından sonra elçilik" (rejissor N.Cəfərov), "Buna da şükür" , "Kədərli zarafat" (rejissor V. Şərifov), "Tənbəlin yuxusu" (rejissor R.Vəliyev), "Sehrli çubuq", "Qəribə litsey" (rejissor N. Cəfərov) Şəki və Gəncə teatrlarında tamaşaya qoyulmuşdur. "Şəkili +Ayrım = Şoutamaşa" komediyası; kino rejissor İ.Əzizov "Müəmmalı yubiley" adlı bədii film çəkilmişdir. N.Cəfərov quruluşcu rejissor kimi; Şəki DDT- da A.Gelmanın "Hamılıqla təklikdə", Ə.Səmədovun "Əhmədin vəfalı xoruzu", N.Cəfərovun "Gecə yarıdan sonra elçilik", R.Tomanın "Tələ", Ə.Əmirlinin "Onun iki qabırğası" Nizami poeziya teatrında Puşginin "Qaraçılar", F.Mustafanın "Tıxac", Gəncə DD teatrında N.Cəfərovun "Uşaq oğruları", T.Cucenoğlunun "Gözəlçələr", Gəncə DD teatrında N.Cəfərovun "Qəribə litsey" və s. tamaşalarına quruluş vermişdir. Aktyor Moskvada (1979, 1984, 1987, 1988 ), Kazanda, Yoşkar-Olada, Daşkənddə, Səmərqənddə, Praqada, Tiblisidə, İstanbulda, Giresunda, Ufada, Bakıda, Naxçıvanda, Lənkəranda və başqa bir çox yerlərdə qastrol səfərlərində olmuşdur. Şəki DDT- nın yaradıcı aktyoru kimi adı Azərbaycan sovet ensiklopediyasına düşmüşdür. Çəkildiyi dörd tamaşa Azərbaycan televiziyasının qızıl fondundadır.
Ölkə mədəniyyətində göstərdiyi xidmətlərə göre Ölke Prezidenti cənab İlham Əliyev tərəfinden 25 iyun 2013 tarixində əməkdar artist fəxri adına layiq görülmüşdür.

Ailəlidir. Iki övladı və dörd nəvəsi var.